Nəyi Dəyişərdin? | “Özümə heç vaxt güvənmirdim” – Rəşad Məcid

Nəyi Dəyişərdin? | “Özümə heç vaxt güvənmirdim” – Rəşad Məcid
  04 Avqust 2014    Oxunub:8572
İnsan yaşadığı, var olduğu müddətdə daim həyatında nəyisə dəyişir. Kimi xasiyyətini, evini, iş yerini, kimi həyat yoldaşını, kimi də bütünlüklə həyatını dəyişir. Amma heç də hər zaman arzuladığımız həyata aparan yolda bəyənmədiklərimizi dəyişdirmək imkanımız olmur.
İllər ötdükcə isə edə bilmədiklərimiz “kaş ki”lərə çevrilir. “İndiki ağlım olsaydı”, “İndiki pulum olsaydı”, “ İndiki vaxtım olsaydı” ... dəyişərdim kimi ifadələrin bəzən sayı-hesabı olmur.

AzVision.az-ın “Nəyi dəyişərdin?” rubrikasının budəfəki həmsöhbəti “525-ci” qəzetin baş redaktoru, yazar Rəşad Məciddir. Yazar keçmişə qayıtmaq şansı olarsa, həyatında nəyi dəyişmək istədiyindən danışıb.

Keçmişim və yaşadıqlarımın nəticəsində mən bu adamam.

-Hesab edirəm ki, hər kəsin tale yolu arzuladığı, can atddığı həyatdır. Bütün ömrü boyu elədikləri də məhz ona yönəlib. Bu mənada düşünürəm ki, keçmişdən hər hansısa xırda bir şeyi dəyişmək insanı tamam başqa bir adam edə bilər. O da sənə yad və bəyənmədiyin bir adam olar. Ona görə də keçmişdən heç nəyi dəyişmək istməzdim. Bütün keçmişim və yaşadıqlarımın nəticəsində mən bu adamam. Və ona öyrəşmişəm, mənə doğma gəlir.

Uşaqlığımı yenidən yaşamaq istəyirəm

Elə götürək mənim uşaqlıq dövürlərimi. Həmin illəri, o yaşlarda yaşadıqlarımı nəyin ki, dəyişmək , yenidən qayıdıb yaşamaq istəyərdim.

Uşaqlığım Ağdamda keçib. Orada 4 mərtəbəli binanın ikinci mərtəbəsində bir evimiz var idi. Yadımdadır ki, birinci sinifə evimizin yanındakı bir nömrəli orta məktəbə getmişəm. Hərdən həmin məktəbimiz, bütövlükdə Ağdam yuxuma girir. Elə bilirəm gözümü açmışam, Ağdamdayam, heç kim yoxdur. Ağdamın boş , dağılmış küçələrində gəzirəm.

Nənəm Laçında Ağoğlan kəndində yaşayırdı. Yayda tez-tez ora gedirdim. Kəndin 3 tərəfindən çaylar axırdı. Gözümün qabağına kənddəki hündür tut, gilas ağacları gəlir. Altında gəbə, mitəkkə sərib oynayardıq. O vaxt mənim üçün ən bəxtəvər vaxtlar idi.



İndi də özümü ən xoşbəxt hiss etdiyim vaxtlar gözümün qarşısına gələn məqamlardır. Xoş bir duyğularla xatırlayıram. Amma dəyişmək məsələsində keçmişdə olan ən adi, xırda bir şeyi də dəyişmək, insanın bütün həyatın dəyişə bilər. Kim hansı həyatı yaşayırsa, bu onun arzuladığı can atdığı həyatdır. Şüuraltında bu belədir. Mənim axrıncı kitabımın adı da “Dəlicəsinə”dir. Əsas motiv odur ki, insan bir şey dəlicəsinə arzulayırsa, mütləq ona çatır.

Hüseyin Arifin həyatımdakı rolu...

15 yaşımda fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyurdum. Riyaziyyatı yaxşı bilirdim. Amma eyni zamanda da ədəbiyyata, şeirə, poeziyaya həvəsim var idi, həyatımı bu istiqamətdə qurmaq istəyirdim. Ancaq valideyinlərim ilk vaxtlar istəyirdilər mən daha çox iqtisadiyyat, riyaziyyat sahəsinə gedim. Yaxşı ki, atamın bir dostu məni Hüseyin Arifin yanına apardı. O dedi ki, nə riyaziyyat, nə iqtsadiyyat, Rəşad şairdir, ədəbiyyata getməlidir. O vaxt Hüseyin Arifin o rolu olmasaydı, mən gedib iqtisadiyyat və riyaziyyat fakültəsinə daxil olsaydım, sonrakı həyatımda mütləq onu dəyişib ədəbiyyata, jurnalistikaya gələckdim.

Arzuladığım xüsusi nəsə olmayıb ki, səhv edim, indi can atım ki, onu dəyişim.

Amma insan ovqatının müxtəlif məqamları olur. İnsan nədənsə yorulur, bezir . Birdən, hətta ən uğur qazanmış insanlar belə, bütün bunların nəyə lazım olduğunu, bunların müqabilində hansı rahatçılığı əldə etdiyini, mənəvi disharmoniyanı hiss edir. O ani düşüncələrdir, məsələn, fikirləşirlər ki, kaş başqa ölkədə doğulaydım, kaş başqa ölkənin vətəndaşı olaydım vəs. Yəni belə düşüncələr hər bir insanın həyatında olur.



Amma belə götürəndə məni uşaqlıq, gənclik ilə bağlı ən çox incidən şey doğulduğum yerin işğal altında olmasıdır. Bu mənada istəyərdim tarixi geri çevirmək mümkün olsa, torpaqların getməsinin qarşısını ala bilim. Gücüm çatsaydı. Amma hər halda bu bir insanın, arzunun gücündə deyil.

Qəfildən elə enerji , güc gəlir ki, özümü 25 yaşımda hiss edirəm.



Avqustun 21- də mənim əlli yaşım tamam olacaq. Mən daha çox ruh, ovqat adamıyam. İndinin özündə də mənə qəfildən elə enerji, güc gəlir ki, özümü 25 yaşımda hiss edirəm.

Türkiyədə bir dostum var, o mənə zəng edib deyir ki, sənin 50 yaşına məqalə yazacağam, adın da qoyacağam “2 vur 25”. Yəni 2 iyirmi beş yaşlı Rəşad Məcid. Bu mənada məni cavan görmək istəyənlər də var, hiss edirlər ki, gəncəm. Özümü bir tərəfdən müdrik, dünyanın hər üzünü görən, nəyəsə təəccüblənməyən insan kimi hiss edirəm, digər yandan da təptəzə, gənc insan kimi qəbul edirəm. Bu da mənim ruhum, ovqatımla bağlıdır. Bir saat ola bilər ki, qoca kişiyəm , ikinci saatda isə mən cavan oğlanam.

50 yaşa da çox sakit və rahat baxıram, hesab edirəm ki, özünü necə hiss edirsənsə, ruhun yerindədirsə, 50 yaşı da gənclik saymaq olar.

10 il bundan qabaq, 40 yaşım tamam olanda bir müddət içimdə bir qorxu, xof var idi. Mənə elə gəlirdi ki, 40 yaş gəncliyin , bir etapın başa çatmasıdır. Amma bir müddətdən sonra adaptasiya oldum və gördüm ki, əslində yaş nisbi bir şeydir. Adam özünü 40-50 yaşında da gənc hesab edə bilər. İndi 50 yaşımda məndə elə bir qorxu hissi yoxdur. Bu yaxınlarda baba olmuşam, özümə gülməli gəlir ki, biz baba adını da gəncləşdirmişik. Amma uşaqlıqda bizə baba deyəndə yaşlı, qoca adamları fikirləşirdik.
Yaş ilə bağlı onu da deyim ki, əgər gəcliyim də “bir il” mənim üçün uzun bir müddət idisə indi mənim üçün bir il göz qırpımı kimi sürətlə keçən bir andır. Buna görə də mən dəqiqləşdirilmiş, planlı, məsuliyyətli həyatı xoşlayıram. Planım pozulanda çox qəzəblənirəm. Kimsə planımı pozanda, istədiyimin əleyhinə gedəndə inciyib, küsürəm.

Özümə güvənim olmayıb.


Gənc yaşlarımda bir az utancaqlığım olub. Fikirləşmişəm ki, mən burada danışa, çıxış edə bilərdim, amma etməmişəm. Müəyyən məqamlarda özümə güvənim olmayıb. Ona görə də bu gün həm redaktor, həm də AYB-nin gənclər üzrə katibi kimi çalışıram ki, istedad gördüyüm, içində ruh olan gənclərdə özünə güvəni artırım. Özümdə qüsur saydığım cəhətim o olub.

Məni sevən insanlar çoxdur, bu mənə güc verir. Məni sevməyən insanları bir çoxu isə Rəşad Məcid olmağa iddialıdırlar. Ona görə onu cırmaqlayıb, qıcıqlandırırlar. Amma bu son illərdə bir neçə dəfə olub ki, sevdiyim, ürəyimi verdiyim, çox zəhmət qoyduğu adamların, xüsusən də gənclərin nankorluğu məni çox sarsıdıb, pis təsir edib, həyata baxışlarımı zədəliyib. Buna görə də son illərdə insanda vəfa etibar, minətdarlıq duyğusunu daha çox qiymətləndirirəm. Bu bir insan üçün yaşamağa stimul verəcək hislərdəndir.



Özüm isə hesab edirəm ki, sədaqətli, etibarlı insanam. Amma dediyim kimi mənim də ovqatımın müxtəlif vaxtları , özümə qapanmaq, mühitddən, cəmiyyətddən uzaqlaşmaq istəyi olur. Ona görə də dostlarım tərəfindən qınağa tuş gəlirəm ki, Rəşad soyuqanlıdır, laqeyiddir. Amma bu zahirən belədir, daxildən etibarlıyam və dəyişmirəm.

Şahanə RƏHİMLİ

Qalereya




Teqlər:  





Xəbər lenti